Dublyaj ən sevdiyim sahələrdən biridi. Bu sahədə 2012-cu ildə "Misir - fironların sirri" sənədli filmi ilə debüt etdim və film həm də sonuncu peşəkar dublyaj işim oldu. Sonradan işi həvəskar qaydada - mobil telefonun diktafonuna səs yazmaqla, sadə səs və video proqramlarla - görməyə başladım.
"Taxta meydançadan çempionluğa", "Rivaldo - kasıb məhəllənin milyonçusu" kimi qısa filmlər daha böyük işlər görmək üçün məşq rolunu oynayırdı.
Ötən ilin aprelində başladığım, 1 Maya - Fəhlə gününə altyazılı formada təqdimatını planlaşdırdığım "Marks Geri Döndü" sənədli mini seriyasını yarıda qoymağa məcbur olmuşdum. Ötən günlərdə, konkret olaraq 14 Martda - filmin qəhrəmanının anım günündə bu işi davam etdirmək, özü də dublyajla filmi ərsəyə gətirməyə qərar verdim.
Aysel Umudova, Gülər Qasımova, Zaur Xudiyev, Şahnaz Əhmədova və İlkin Məmmədovun da iştirakı ilə mini seriyanın ilkini hazırladıq.
Əlbəttə, dublyaj üçün istədiyimiz keyfiyyətli səsi, tonu, emosiyanı almaq çox çətin idi, amma son renderdən sonra gözlədiyimdən daha yaxşı işin alındığını deyə bilərəm.
Bütün səhvlərə görə, izləyib vaxt itirdiyini düşünən hər kəsdən üzr istəyirəm.
Növbəti seriyalarda daha yaxşı iş görəcəyimizdən əminəm. Səsini təklif edən bir neçə dostumuz da ikinci buraxılışdan bizə qoşulacaq və hər obraz ayrı səslə qulağınıza gələcək.
Və, ən əsası, bu mini seriyanın özü də bir məşqdi. Aylardır planlaşdırdığım və tərcüməsi "D diski"ndə hazır formada gözləyən "Maradona" filminin məşqi...
Ümid edirəm ki, bu işlərlə Azərbaycan internet məkanındakı boşluğu qismən doldura biləcəyik.
Kanala abunə olmağı da unutmayın :)
0 yorum:
Yorum Gönder